Azərbaycandan kənarda yaşamaq çətindir. Qürbət, həsrət, darıxmaqlıqlar vs. bir yana. Ən çətini ilin uzun bir dönəmini Azərbaycandan kənarda keçirdikdən sonra geri qayıtmaq və adaptə olmaqdır. 10 ay boyunca söhbət etdiyim bütün dostlarımın “geri qayıtma” çağırışlarının səbəbini təbii ki, “dünyadan anlayışı olan” bir azərbaycanlı kimi bilirdim. Həmişəki söhbətlər... Amma yaşla əlaqədardır mı nədir bilmirəm hər il Azərbaycanın problemləri mənə daha çox agah olur. Bu iki ayda məni ən çox üzən nə toz torpaq, nə YPXların “ərəbzəngiliyi”, nə “işləməyin çətin olması”, nə rüşvət, nə hörmət oldu. Ən çox millətimizin (xalqımızın) getdikcə cılızlaşmasına üzüldüm.
Tarixən Azərbaycan kişisi və Azərbaycan qadının şəxsiyət, mənlik və xüsusiyətləri olub. Eləcə də ümumi götürəndə Azərbaycan xalqının. Azərbaycan kişisi “mərd”, Azərbaycan qadını isə “ismətli” olaraq xarakterizə edilib. Xalq olaraq isə “qonaqpərvər” və “anlayışlı” sayılmışıq. Hazırda heç birindən əsər qalmayıb desəm yeridir. Artıq yerdə qalanlar da istisnadır. Ortalama bir azərbaycanlı gənci cinsi orqanı mərkəzli bir psixologiya ilə yetişir. Qızlar isə onlara 10 dəqiqə xoş söz deyən yoldan keçən oğlanı çox yaxına buraxacaq səviyədə toxunulmazlığını itirib. Halbuki Azərbaycan qızına toxunmaq (sadəcə toxunmaq) oğlan üçün mükafat olmalıydı.
İnsan küçələrdə veyillənən Əhməd YK`lar, Güləndam Özen`ler, Sabit Ortaç`ları görəndə dilxor olmaya bilmir. Dindirsən bu dünyadan 2 dəyərli insan varsa biri özüdü biri də Ya İsmayıl YK, ya da Gökhan Təpə. Halbuki o kumirini bütün nəsil nəcabətindən daha dəyərli görəcək qədər şəxsiyətini itirib.
Dərd çoxdu. Bəzilərinə zarafat kimi gələ bilər amma Bakı şəhərində ailə ilə gəzəcək bir küçə belə tapmaq çətindir artıq.
Adam Bakıda gəzəndə başa düşür ki, bu lazımından çox demokrat və mülayim Respublikanın vətəndaşıdır. Dillənən yuxarıdan, aşağıdan, soldan, sağdan şikayətlənir. Ya “əzilir”, ya “işləməyinə imkan verilmir”, ya “onu başa düşmürlər”. Məsələn, tıxacdan şikayət edir, halbuki 4 cərgəli yolda qarşı tərəfdən gələnlərdən 2 cığır “oğurlayıb” 2 cərgə düzəldən də özüdür. İnsanlar maşınında oturub svetoforda sıranın onlara gəlməsini gözləyərkən “tələsdiyindən” onları ötüb keçir və “cəld tərpənir”. Bakı dünyanın ən böyük zibilxanasıdır. Olacaq da. Bir də görürsən sahil yolu ilə gedirsən – şəhərin ən mərkəzi yeri – Audi A6yla önündə gedən bir “hörmətli day day” əlini çıxardı pəncərədən çölə və “Parlament” qutusunu əzib atdı düz yolun ortasına. Şəhərə bəzək olsun deyə etməyib hərhalda. Sadəcə o insançün maşının salonundan kənarı əhəmiyət daşımıyan bir yerdir. Maşınına isə tozlu ayaqqabıyla oturmaq olmaz yəqin ki. Götürüm elə öz maşınımı. Gün boyu tullantılar ön sağ oturacağın qabağında ayaqaltına yığıram. Maşına oturan ilk şəxs isə onu atır küçənin ortasına. Soruşursan da deyirlər “bu zibilxanaya bax. Adam iyrənir lap”. Elə bil ermənilər vertolyotla töküb.
Bəzən yolda gedəndə “burda tıxac olmamalıdı axı” dediyim yerlər olur. Onda başa düşürəm ki, qabaqda qəza olub və bizim “ATV maqazin xalqımız” yoldan keçərsən bir əyləyib onu seyr etmək istəyinə düşüb. Ona görə də heç bir mahnısı xatırlanmayan Məstixumar Şuşalı, Tükəzban Kürdəxanı Q7`də, GL`də “fırlanır”, TVdən düşmürlər.
Axır vaxtlar isə diqqətimi bir məqam yaman çəkib. Mediamızın “qoyunlaşdırma” işi ilə əməllicə məşğul olduğunu görmək çətin deyil. Son həmlə isə canalıcıdır. Artıq “ulduz olsalar da, xoşbəxt deyillər” deyilən müğənnilər bir bir “xoşbəxt ailə həyatı”na qədəm qoyur. Biri doğur, biri evlənir, o birisi sevgilisi ilə xoşbəxt pozalar verir. Onlara heyran heyran baxan gənclər isə bu tablonu görüb ulduzların yerində olmaq xəyalı qurur.
P.S. vəziyət pisdi. Amma deyirlər hər şey yaxşı olacaq.
P.P.S. Bu əslində Sənanın məşhur “Bacı bağışla...” “yazısına qüvvət” yazısı idi. Amma biraz sərhədləri genişləndirdik. Dərdimiz böyükdür. Deməsək içimizdə partlar. Hələ mən toylardan başlamayım. Gənclərin son zamanlarda rəqsə marağı lap dəli edir. Qohum əqraba baxıb “nə qəşəng oynuyur e canı yanmış” desin deyə dəridən qabıqdan çıxırlar. Azərbaycan rəqslərini sevirəm. Artıq oynamaq insanı çiysidir.
Vüsal, çox yaxşı alınıb yazı.. Çoox xoşuma gəldi. Bu dediklərinizlə razılaşmamaq əldə deyil. Ümid edək ki, hər şey yaxşı olacaq. Görək də bu işlərin axırı nə olur...
Vallah ay Əfsun gecə saat üçdə özü də tormozlu beyinlə yazdım sonra heç oxumadım da :) Amma deyəsən dərdimizə tərcüman ola bilmişəm qismən. Sənə isə təşəkkür düşür bu bloga görə. Bir də bu blogu yaşatmaq istəyinə görə. Tanış olammadıq getdi e deyirəm :)
İnşallah olarıq tanış... :) necə deyərlər: "dağ dağa rast gəlməz, insan insana rast gələr" :)
dərdlərimizə tərcüman olmağa davam :)