Niyə bu mövzu? Eqoizm Azərbaycan xalqının ən böyük bəlalarından biridir deyə düşündüyüm üçün. Hər kəs uzun illərdir o qədər “MƏN” üzərinə yetişib ki, yaxın qohumlarından, qardaş-bacısından tut, ən uzaq insanlara qədər heç kimi düşünmür. Bunun nümunəsini, cəmiyyət içində bir neçə saatını, bir neçə gününü, bir neçə ayını keçirən hər kəs görə bilər. Ailələrdən başlamaq surətilə, baxçalarda, məktəblərdə, universitetlərdə, iş yerlərində, küçələrdə, marşrutlarda, avtomobil tıxaclarında və s. Sözün düzü, bu siyahının hamısını yazmağa çalışsam məqalə özü elə bir siyahı olar. Odur ki, əsas məğzə girək.

Təhsilimiz niyə bu haldadır? Cavabların əksəriyyəti belə olacaq: “yetəri qədər büdcə ayrılmır”, “müəllimlərin maaşı azdır” və s. Mən bununla razı deyiləm. Problem: “eqoizm”. Müəllim dərsini deməkdən, şagirdlərə faydalı ola bilməkdən daha çox cibini (özünü) düşünür. Əlbəttə burda mən ümumiləşdirib bütün müəllimləri bu qara siyahıya daxil etmirəm. Amma sözün düzü odur ki, əksəriyyət belədir. O gün gənc bir müəllimlə danışıram. Deyir ki, təyinim çıxmışdı Qubanın hansısa bir kəndinə, orta məktəbə. Maaşı az idi, nə bilim suyu yox idi... Bunların hamısı müəllimlərin, bir müəllim kimi fədakar ruhda yetişmədiyini, eqo üzərinə yetişdiyini göstərir. Müəllim niyə ilk olaraq maaşı düşünsün ki? Deyəcəksiniz ki, bu maaş axı insanın yaşamasının və ehtiyaclarını qarşılamasının əsas mənbəyidir. Qardaşlar və bacılar, mən dünən rayon yerində bir ailə başçısının aylıq 80 manat maaşla mühafizəçi işlədiyini gördüm. Əgər bu insanlar ölmürsə bizə də zaval yoxdur. Vicdanla düşünək...

Tibbimiz niyə bu haldadır? Yəqin yenə cavab maddiyatla bağlı olacaq. Sözün düzü, cavab yenə də “eqoizm”. Həkimlər ciblərini və özlərini düşündüyü üçün. Xəstələrin halı necə olur olsun, “ölən ölsün mənə nə, mən puluma baxaram” dedikləri üçün... Mirzə Ələkbər Sabir çox gözəl deyib bu insanların xəstəliyi ta o zamandan. Bizim millətə hansı zəhərli maddələr nüfuz etdirilbsə, ta o zamandan bu xəstəlik var. Problem dövlət də deyil. Misal üçün, rayonlarda Qəbələdə, Zaqatalada, Balakəndə super tibb mərkəzləri, diaqnostika mərkəzləri inşa edilib. Bunların hamısını dövlət edib. Yaxşı bəs həkimlər ora gəldikdən sonra xəstələrəmi xidmət edəcək, insanlaramı xidmət edəcək yoxsa özlərinə, ciblərinəmi? Yəqin cavabı zaman göstərər.

Yollarda bəzən elə yerlərdə tıxaclar görürsən ki, “görəsən burda tıxaca səbəb olan nədir?” deyə düşünməmək əldə deyil. Və cavabı tapa bilmirsən. Amma cavab çox bəsitdir, “eqoizm”. İki maşın qarşılaşır, saatlarla bəzən bir-birinə siqnal səsini dinlətərək gözləyirlər. Halbuki, biri o birinə bir balaca fədakarlıq etsə, eqonu bir müddətlik kənara qoysalar tıxac olmayacaq, arxada da bu qədər insan gözləməyəcək.

İş yerindən də bir misal verim, bitirim ki, başınızın ağrısı bitsin. Məsələn bizim ofisdə bir nəfər var, həmişə özünə nə isə zərər gəlsə, nə isə onun şəxsi maraqlarına zidd bir vəziyyət olsa, coşur, aşır, daşır özünün vəziyyətini şirkətin ümumi bir halı imiş kimi göstərib “bu böyük problemdir, həll olunmalıdır” deyir. Öz-özümə düşündüm, “görəsən bu adama 1000-2000 manat artıq maaş verilsəydi bu adam yenə də danışardımı?” deyə. Və əlimi vicdanıma qoyub düşünürəm ki, xeyr. Çünki heç bir zaman həmin adam Əfsunun bu problemi var, bunu həll etmək lazım, çünki bu bizim adamdır, bizim işçidir, demədi. Mənim bir şikayətim də yoxdur, həmd olsun. Dünən 80 manatla işləyən dayını görəndə özümə gəldim bir az.

Sözün düzü, eqoizm bəzən xeyrli də ola bilir. Hər zaman mənfi təsirləri yoxdur. Amma insan sosial bir varlıq olaraq yaradıldı. Məqsədinə uyğun olaraq da insanlar arasında fədakarlıqla, başqalarının haqqını və hüquqlarını gözləyərək yaşamalıdır. Hər kəsə faydalı eqo və yerində fədakarlıq arzulayıram.

Dünən Kanaltürkdən maraqlı bir filmə baxırdım. Cuba Gooding Jr.ın baş rolu oynadığı filmin qəhrəmanı işsiz qalmış advokat idi. İllərlə "yaxşı" pul qazanan vəkillərə heyranlıqla yaşayan "qaqaş"ın əlinə bir gün böyük fürsət düşür. "Bir ayağı qəbirdə olan" dedektif yazıçısı son əl işini oxumaq və rəy bildirmək üşün ona gətirir. Ertəsi isə vəfatı xəbəri gəlir. Əlinə döndüyüm ağsaqqalın əsərini dövlətə təslim etmək əvəzinə adına çıxır və "kalan" pul qazanır. Artıq o Amerikanın ən dəyərli dedektif əsər yazarıdır.
Nəysə ki, zamanla hər şeyin göründüyü kimi olmadığını, əslində böyük bir quramada "qurbanlıq keçi" olduğunu anlayır. Polis 5 qətlin təfərrüatının birəbir onun kitabında nə axtardığını araşdırmağa başlayır və qaqaş "xüsusi təhlükəli qatil" statusuna "yüksəlir"...

Bu filmi seyr edərkən yadıma bir zamanlar oxuduğum hekayəcik düşdü. Vaxtilə onu bloqa yazmağa söz vermişdim. Olmasın marketoblog, olsun Sözün düzü...

Bir gün sürüdən ayrılan köhlən bir at, oğluyla tək başına yaşayan və həyatını qazanma dərdində olan kişinin həyətinə gəlir. Qonşular kişini bəxəvərçilikdə "ittiham edərək" deyirlər ki, bəs başına dövlət quşu qonub. Göydən düşmə bu atı istədiyin kimiistifadə edəcək. Kişi deyir ki, bəs "hər şey göründüyü kimi deyil". Bir səbr edin. Sizin 1 hesabınız varsa, Allahın da öz hesabı var". Onlar da deyir yəqin kişi söhbəti fırladır. Nəysə ki, bir gün kişinin biricik oğlu attan yıxılır və ayağını sındırır. Beləcə oğlu iş qabiliyətini, kişi isə yeganə dayağını itirir. Qonşular qocaya üzrxahlıq eləməyə gələndə, aldıqları cavabla şok olurlar: "zahirdə şər görünən bu işdə də xeyir ola bilər". Deyirlər a kişi "başına at təpib nədir". Evi tərk edirlər və öz aralarından da mızıldanırlar ki bəs "bir oğlunun ayağı qırılıb deyir bunda xeyir var".
Bir müddət sonra müharibə elan edilir və kənddəki bütün əli silah tutan kişilər səfərbərliyə cəlb edilir. Həə, onda məlum olur ki oğlunun ayağının qırılması onu müharibədən saxlayır. Yenə gəlirlər üzrxahlığa və "sən deyən oldu"ya. Kişi "yenə tələsirsiz" deyir...

Görəsən hala tələsirik. Zahirdə şər görünən bir çox şeydə xeyir ola biləcəyini niyə unuduruq... ya da bilmirik. Bu məsələ bir tanışımla aramdakı söhbətlərdə mövzu olmuşdu. Necə deyərlər "Mevla görelim neyler, neylerse güzel eyler"...

Hər zaman "klounların" adı çəkiləndə əvvəlinə bir də ŞƏN sözü əlavə edilir. Nəticədə alınır "şən klounlar"... Könül xanım dedi: "kloun üçün nə ehtiyac var şən sözünü deməyə. Heç indiyə kimi qəmgin kloun görən olub?". Elə bu zaman ağlıma gəldi bu mövzuda yazı yazmaq. Yəqin ki, hər kəs kloun görüb. Ən azından televiziyada. Klounların üzlərində olan o bir sıra rənglər və gülüş işarələri onların "şən" olduğunu göstərir. Əslində isə onların da dərdləri var... Onlar da insandı axı.
Sözün düzü, mən nə klounlardan yazmağı fikirləşirəm, nə də aktyorlardan. Əsl məqsədim bizim cəmiyyətdən yazmaqdır. Bizim cəmiyyətimiz də elə böyük "kloun" topluluğuna oxşayır. Hər kəsin üzü gülür, amma içəridə hansı dərdlər, hansı kinlər, hansı qəmlər, hansı göz yaşları yatır kim bilir... Sözün düzü, elə özümü də aid edirəm bu klounlar siyahısına. Mən də klounluq edirəm bəlkə bəzən. Çünki məcbur qalırsan buna. Qarşındakı insana dərdlərini əks etdirib onları da üzmək, dərdləndirmək istəmədiyin üçün bəlkə də... Yaxud da, qarşındakına yaxşı görünmək üçün, xoşuna gəlmək üçün gülürsən. Kim bilir daha nələr üçün gülürük, əslində isə güləcək heç nə yoxdu.
Marşrutda gedərkən insanların üzünə baxmaq kifayətdir. Metroları demirməm hələ. İnsanlar sanki böyük bir vedrə dərd içiblər. Hələ də onun qarın ağrısını yaşayırlar. İki dost görürsən metroda bir-birilə söhbətləşən. İkisi də bir-birinə gülümsəyir. Amma necə dərdləri var kim bilir... O dərdləri içində dəfn edib, dostuna gülmək çox ağır olmalıdır hər halda.
Bütün bu insanların dərdi nədir görəsən? Dünya, mal, mülk, pul, ev, maşın, ailə... Bunların hamısı subyektiv fikirlərə görə dərd hesab olunur. Amma düşünürəm ki, bu klounadanı yekunlaşdırmaq lazımdır. Hər kəs üzündəki rəngləri, işarələri silib içini zahirə verib insanların gözünün içinə sərbəst, azad bir şəkildə baxsa daha yaxşı olmazmı? Məncə "olduğu kimi görünmək, göründüyü kimi də olmaq" lazımdır. Yoxsa hər şey paxla bitkisinin gövdəsi kimi bir-birinə dolaşıb qalacaq.

Azərbaycandan kənarda yaşamaq çətindir. Qürbət, həsrət, darıxmaqlıqlar vs. bir yana. Ən çətini ilin uzun bir dönəmini Azərbaycandan kənarda keçirdikdən sonra geri qayıtmaq və adaptə olmaqdır. 10 ay boyunca söhbət etdiyim bütün dostlarımın “geri qayıtma” çağırışlarının səbəbini təbii ki, “dünyadan anlayışı olan” bir azərbaycanlı kimi bilirdim. Həmişəki söhbətlər... Amma yaşla əlaqədardır mı nədir bilmirəm hər il Azərbaycanın problemləri mənə daha çox agah olur. Bu iki ayda məni ən çox üzən nə toz torpaq, nə YPXların “ərəbzəngiliyi”, nə “işləməyin çətin olması”, nə rüşvət, nə hörmət oldu. Ən çox millətimizin (xalqımızın) getdikcə cılızlaşmasına üzüldüm.
Tarixən Azərbaycan kişisi və Azərbaycan qadının şəxsiyət, mənlik və xüsusiyətləri olub. Eləcə də ümumi götürəndə Azərbaycan xalqının. Azərbaycan kişisi “mərd”, Azərbaycan qadını isə “ismətli” olaraq xarakterizə edilib. Xalq olaraq isə “qonaqpərvər” və “anlayışlı” sayılmışıq. Hazırda heç birindən əsər qalmayıb desəm yeridir. Artıq yerdə qalanlar da istisnadır. Ortalama bir azərbaycanlı gənci cinsi orqanı mərkəzli bir psixologiya ilə yetişir. Qızlar isə onlara 10 dəqiqə xoş söz deyən yoldan keçən oğlanı çox yaxına buraxacaq səviyədə toxunulmazlığını itirib. Halbuki Azərbaycan qızına toxunmaq (sadəcə toxunmaq) oğlan üçün mükafat olmalıydı.
İnsan küçələrdə veyillənən Əhməd YK`lar, Güləndam Özen`ler, Sabit Ortaç`ları görəndə dilxor olmaya bilmir. Dindirsən bu dünyadan 2 dəyərli insan varsa biri özüdü biri də Ya İsmayıl YK, ya da Gökhan Təpə. Halbuki o kumirini bütün nəsil nəcabətindən daha dəyərli görəcək qədər şəxsiyətini itirib.
Dərd çoxdu. Bəzilərinə zarafat kimi gələ bilər amma Bakı şəhərində ailə ilə gəzəcək bir küçə belə tapmaq çətindir artıq.
Adam Bakıda gəzəndə başa düşür ki, bu lazımından çox demokrat və mülayim Respublikanın vətəndaşıdır. Dillənən yuxarıdan, aşağıdan, soldan, sağdan şikayətlənir. Ya “əzilir”, ya “işləməyinə imkan verilmir”, ya “onu başa düşmürlər”. Məsələn, tıxacdan şikayət edir, halbuki 4 cərgəli yolda qarşı tərəfdən gələnlərdən 2 cığır “oğurlayıb” 2 cərgə düzəldən də özüdür. İnsanlar maşınında oturub svetoforda sıranın onlara gəlməsini gözləyərkən “tələsdiyindən” onları ötüb keçir və “cəld tərpənir”. Bakı dünyanın ən böyük zibilxanasıdır. Olacaq da. Bir də görürsən sahil yolu ilə gedirsən – şəhərin ən mərkəzi yeri – Audi A6yla önündə gedən bir “hörmətli day day” əlini çıxardı pəncərədən çölə və “Parlament” qutusunu əzib atdı düz yolun ortasına. Şəhərə bəzək olsun deyə etməyib hərhalda. Sadəcə o insançün maşının salonundan kənarı əhəmiyət daşımıyan bir yerdir. Maşınına isə tozlu ayaqqabıyla oturmaq olmaz yəqin ki. Götürüm elə öz maşınımı. Gün boyu tullantılar ön sağ oturacağın qabağında ayaqaltına yığıram. Maşına oturan ilk şəxs isə onu atır küçənin ortasına. Soruşursan da deyirlər “bu zibilxanaya bax. Adam iyrənir lap”. Elə bil ermənilər vertolyotla töküb.
Bəzən yolda gedəndə “burda tıxac olmamalıdı axı” dediyim yerlər olur. Onda başa düşürəm ki, qabaqda qəza olub və bizim “ATV maqazin xalqımız” yoldan keçərsən bir əyləyib onu seyr etmək istəyinə düşüb. Ona görə də heç bir mahnısı xatırlanmayan Məstixumar Şuşalı, Tükəzban Kürdəxanı Q7`də, GL`də “fırlanır”, TVdən düşmürlər.
Axır vaxtlar isə diqqətimi bir məqam yaman çəkib. Mediamızın “qoyunlaşdırma” işi ilə əməllicə məşğul olduğunu görmək çətin deyil. Son həmlə isə canalıcıdır. Artıq “ulduz olsalar da, xoşbəxt deyillər” deyilən müğənnilər bir bir “xoşbəxt ailə həyatı”na qədəm qoyur. Biri doğur, biri evlənir, o birisi sevgilisi ilə xoşbəxt pozalar verir. Onlara heyran heyran baxan gənclər isə bu tablonu görüb ulduzların yerində olmaq xəyalı qurur.

P.S. vəziyət pisdi. Amma deyirlər hər şey yaxşı olacaq.
P.P.S. Bu əslində Sənanın məşhur “Bacı bağışla...” “yazısına qüvvət” yazısı idi. Amma biraz sərhədləri genişləndirdik. Dərdimiz böyükdür. Deməsək içimizdə partlar. Hələ mən toylardan başlamayım. Gənclərin son zamanlarda rəqsə marağı lap dəli edir. Qohum əqraba baxıb “nə qəşəng oynuyur e canı yanmış” desin deyə dəridən qabıqdan çıxırlar. Azərbaycan rəqslərini sevirəm. Artıq oynamaq insanı çiysidir.

İzləyənlər

Video Post