Azərbaycansayağı rekrut

Posted by Aygün İslamzadə 8.29.2008

Hərənin öz ölkəsi ilə fəxr etməsi şərtdir, fəxr ediləcək ünsür tapmayanda ya özün icad etməlisən, ya da başqalarının tapdıqlarını özünə adaptə etməlisən. Axtaran tapar prinsipi ilə baxdığımda mən də bir amili, özü də çox mühüm amili icad etdim. Azərbaycanda yazar olmaq çox rahatdır. Fəxr etməyə dəyər, düz deyilmi? Gün ərzində o qədər hirslənəcəyimiz, acığımız tutacaq məsələlərlə rastlaşırıq ki, yazmaq çıxış yolu olur, əlimizdən hech nə gəlmədiyini ört-basdır etmək üçün qaçış nöqtəmiz. Mən də zaman-zaman bu yola üz tuturam. Çoxdandır ara versəm də, deyəsən vaxt yetişib, bir sözlə yenə də “yazmasan ölləm” seriyasından bir hadisəylə qarşılaşmışam.Azərbaycansayağı CRM yazısını yazıb rahatladığım kimi indi də rekrut məsələsinə toxunmaq istəyirəm, hansı daha acınacaqlıdır, özünüz qərar verin. Rəfiqəm bir xeyli vaxtdır iş axtarışındadır, bir axşam sevinclə xəbər verdi ki, Huawey Technologies şirkətindən müsahibəyə dəvət olunub, pozisiyanın marketinq menecer olduğunu biləndə çox sevindim, rəfiqəmin də sevdiyim sənətdə olmasını çox arzulayıram. Gecəni yatmadıq, mən ona dərs keçdim, 4P burdan gəldi, 4C ordan getdi, B2B marketinq B2C –dən nəylə fərqlənir falan filan…
Səhər məlum oldu ki, Huaweyin rekruterlərinə sadəcə loqik məsələlər lazım gəlib, rəfiqəm oturub məsələləri edib, durub çıxıb. Cavab bir həftəyə məlum olacaq deyiblər deyə səbrimizi basdıq gözlədik.. Gözlədik… Gözlədik.. Üç həftə sonra cavab məlum olmadıqda rəfiqəm öz hazırkı iş yoldaşından zəng edib soruşmağı xahiş edib. Zəng edən qız – Anna Pleçistova Huaweyin işçisi ilə danışanda bir səhv edir, testin cavablarını yoxlamaq üçün adı soruşulduqda öz ad familiyasını deyir.. Anna Pleçistova.. Əminəm ki, bu ad familiyada Azərbaycanda bir nəfər olar. Huaweyin əməkdaşı Annaya siz 95 bal yığmısız, bizə 100 bal lazımdır deməyini rəfiqəm mənə çatdıranda şok oldum, qərara gədik ki, rəfiqəm öz ad familiyası ilə də soruşsun. Məlum olur ki, o da lazım baldan cəmi 93-ünü yığıb, yəni imtahanda iştirak etməyən Annadan 2 bal az : )))))
Heç bir komment qoymadan yazmaq istəyirdim bunu, amma bir sualım var, başqalarının zəhmətinə, əziyyətinə bu qədər əhəmiyyət verməyən, ümid nədir anlamayan kəsləri insan adlandırmaq olar?

2 comments

  1. Hər şeydən əvvəl ilk yazınıza görə təşəkkür və əla !!! :)
    Yazı həqiqətən dövrümüzü Azərbaycana xas problemlərindən birini və çox önəmli birini yansıdır. "dayıların", "əmilərin", "xalaların" nə bilim daha kimlərin "şotuna" işlərə düzəlmələr, işdə qalmalar olan bir yerdə kiminsə öz biliyi, bacarığı, təcrübəsiylə işə düzəlməsi, iş tapması nadir rastlanan və sevindirici hallardandır. Hələ bizə "böyüklərimiz" bəzən deyir "niyə oxuyursan? onsuz da işə düzəlmək üçün savad yetərli deyil". İndi görürəm ki, iş mövzusunda haqlıdırlar, oxuma mövzusunda yanılsalar da...
    Mükəmməl yazıların davamını gözləyirik...

     
  2. Sözün düzü bizim şirkət də elə bu gündədi:) Məzahir və Fuad məni yəqin ki, öldürəcəklər bugün. Heç olmasa iftardan sonra öldürün:)

    Nəysə, zarafat bir tərəfə, ama həvəslə və ümidlə iş gözləyən insanlara qarşı bu cür münasibət heç xoşagələn deyil.

     

İzləyənlər

Video Post