Bildiyiniz kimi şerif (sheriff) sözü ingilis dilində istifadə olunan bir sözdür. İngiltərə və ABŞ-da inzibati vəzifələrdə olan insanlardan bir sıralarına verilən vəzifə (yaxud rütbə) sayıla bilər. Bu barədə bir sıra qərb filmlərinə də baxmışıq hər halda. Amma bizim müsəlman nəslinin istifadəsində bu söz şərəfli mənasına gəlir. Bəs indi görəsən hansından danışacağıq? Şerifdən, yoxsa şərəfdən? Sözün düzü elə hər ikisindən, şərəfi olmayan şeriflərdən və hər insanın şərəfində olması gərəkən şerifdən...
Bizim indi bir sıra şerif vəzifəsində olan insanlarımız var ki, cəmiyyətin şərəfini qorumaq yerinə şərəfi ilə oynayır. Adları da şerifdi... Sözün düzü, gərək insanın özündə şərəf olsun, əsl mənada şerif olsun ki, başqalarının da şərəfini qorusun. Amerikada yaxud digər inkişaf etmiş ölkələrdə son zamanlarda bəzən heç şerifə ehtiyac qalmır. Yoldan gedən adam yerə zibil atsa, yaxud yaşıl otları əzib keçsə ona cərimə yazılmalıdır bəlkə də... Amma buna ehtiyac qalmır. Çünki həmin insanlar bir zamanlar bizdən mədəniyyət öyrənmələrinə baxmayaraq, indi şərəfli davranırlar, öz daxillərində, ürəklərində elə şerifin ən əsası olan şərəfi daşıyırlar.
Deməli məsələ şerifdə deyil, elə şərəfdədir. Elə ki, insanların ürəyində şərəf oldu, deməli hər bir insanın özünün şerifi var. Hər bir fərd özündən, öz davranışlarından cavabdeh olsa, öz hərəkətlərini tənzimləsə, özünə, yaxınlarına və ətrafındakı bütün insanlara və canlılara qarşı şərəfli davransa cəmiyyətdə də şeriflərə ehtiyac qalmaz. Cəmiyyət şərəfsiz şeriflərin nazıyla oynamaq məcburiyyətində qalmaz.
Sözün düzü, bu dövrdə şərəflə, ləyaqətlə, vicdanla çalışanlar maddi cəhətdən bir şey qazana bilmirlər. İnsanların isə əsas qayə və məqsədi maddiyat olduğuna görə heç bilmirəm şərəflə davranan neçə nəfər olacaq bu düz sözləri oxuduqdan sonra. Amma bildiyim bir şey var ki, bu yazını yazmaqla kimisə şərəfsiz etmək fikrim yoxdu, bütün sözləri elə özüm özümə deyirəm. Səhvlərimdən danışıram. Əgər nəfsimi hesaba çəkərkən mənə qonaq olan varsa və faydalandısa özümü bir balaca xoşbəxt hiss edə bilərəm.
Odur ki, sözün düzünü deməkdən çəkinməyin. Çünki bu da şərəfli şeriflərin işidir.
0 comments