Bu gün mənə çox yaxın olan Fuadla birlikdə kondisionerlərlə maraqlanırdıq. Qiymətlərin bəziləri baha gəldi. Amma düşündük ki, əsas sərinlikdi. Qiymət məsələsi bir şəkildə həll edilər. Yəni ki, "aclıq olsun, sərin olsun".
Sözün düzü, günümüzdə millətimizin 90% bəlkə də belə düşünür. Gənclərimiz, yaşlılarımız, orta yaşlılarımız, bir sözlə hamı düşünür ki, bir neçə günlük dünyadı qoy kef eliyim. Sözün düzü, məsələ heç kef də deyil. Cəmiyyətin kompleksləri aşıb-daşır, fışqırır, fantan vurur. Əlimdə bahalı telefon olsun, əynimdə bahalı paltar olsun, altımda bahalı maşın olsun, başımda bahalı papaq olsun, yanımda bahalı xanım (ifadəmə görə üzr istəyirəm) olsun və s. Mövlana Cəlaləddin Rumi nə gözəl deyib: "Olduğun kimi görün, göründüyün kimi ol..."
Heç başa düşmək olmur; niyə 400 manatlıq telefon alırsan, sonra konturun yoxdur?; niyə 50000 manatlıq maşın alırsan sonra benzinin yoxdur? və s. Çünki kredit var?
Günlərin bir günü 3 ildir bir yerdə oxuduğumuz yoldaşlarımızla Türkiyəyə getdik. Çatdığımız 2-3 gün idi şalvarlar çıxdı, şortiklər gəldi. Yeni geyimlər, yeni davranışlar, yeni danışıqlar, yeni hərəkətlər və s. ortaya çıxmağa başladı. Deməli uyğun şərtlər yarandığı zaman insanların kompleksləri ortaya çıxmağa başlayır. Elə kredit imkanları da bunlardan biridir məncə. Kredit ortaya çıxdı, ardından insanlar nə qədər kompleksləri var hamısının ardından getməyə başladı. Bizim evimizdə indiyə kimi heç bir zaman kondisioner olmayıb. İmkanım olanda olar. Kreditlə niyə almıram? Heç özüm də bilmirəm.
Sözün düzü, heç bəlkə də bunları deməyə haqqım yoxdur. Amma bir hissə də olsun burda sözün düzü səslənərsə və kimlərsə burdan faydalı bir şey əldə edərsə özümü xoşbəxt hiss edə bilərəm.
0 comments