Nədir bu görmək? Allah insana iki göz verib ki, həyatı, təbiəti, müsbət elmləri, bir sözlə Allahın özünü öyrənsin, lazım gəldiyində ehtiyaclarını qarşılasın, yol gedəndə ilişib yıxılmasın, dost-tanışını görəndə ayırd edə bilsin və s. Bu siyahını təbii ki, uzatmaq olar. Amma bu iki gözün əsas funksiyası görməkdir. Amma ola bilir ki, bəzən Allah qulunu imtahan etmək üçün gözlərindən birini, yaxud ikisini də zədələyir, yaxud tamamilə qulun əlindən alır. İmtahan dünyasıdı... Yenə də şükr etmək lazımdır. Belə olan halda insanın bir, yaxud iki gözü görməməyə başlayır. Əgər istəsən ki, müalicə edəsən gərək kor olsan da həkimi görəsən. Deyə bilərsiniz ki, "qardaşım axı gözüm görmür, həkimi necə görüm?" Sözün düzü, bu görmək, həmin görməkdən deyil. Xəstəliyin istəyir gözdən olsun, istəyir ayaqdan gərək həkimi "görəsən".
Sözün düzü, sadəcə həkimləri deyil, universitetdəki müəllimləri, notarius kontorundakı məmuru, yoldakı polisi, yolda olmayan polisi, bir sözlə sənin işini həll edəcək və sənin asılı olduğun 90% səlahiyyətli şəxsləri. Bu danılmaz faktdır. Belə baxanda kim nə deyir ki, gör də... Allah göz verib, kimi istəyirsən gör... Amma məsələ orasındadır ki, bu siyahısını tutduğum və tutmadığım 90% gözlə görünmək istəmir. Onların gözünün nuru, ağı qarası, dövlətin çap etdirdiyi, alıcılıq qabiliyyətinə malik kağız parçalarıdır.
Getmişdim rayona, xəstə babam mənə yanıqlı yanıqlı danışır (qeyd edim ki, babam uzun illər kolxoz sədri olub və vicdanıma and içə bilərəm ki, bir qəpiklə də onu heç kim görməyib): "dövlətin qərarına görə bir sıra dərmanlar var ki, bunlar mənə və mənim kimi xəstələrə pulsuz-parasız verilməlidir. Sadəcə mən reseptin bir nüsxəsini verirəm müvafiq aptekə, onlar da verir mənə həmin dərmanları... Amma keçən günlər də getmişəm, mənə dərmanları verikdən sonra deyir - 6 manat ver - deyirəm ay qardaş necə olur axı? Axı bütün bu dərmanlar dövlət qanunuyla pulsuz verilməlidir. Məndən pul istədiyi yetməyib, hələ bir mənə - utanmaz - deyib təhqir də etdi." Mən də bunları dinlədim, sonra özümün də xəstəxanada bir balaca işim var idi. Bu balaca iş üçün o qədər adamı görməli oldum ki, az qaldı gözlərimin nuru qurtarsın. Elə bu iki hadisədən sonra qərara gəldim ki, belə bir yazı yazım. Sözün düzü, heç kimin bu yazını oxuduqdan sonra görməyi tərk edəcəyini düşünmürəm. Çünki bir çox (bəzi deməyi çox istəyərdim) hallarda bu zərurətdir. Gərək görəsən ki, yolun yarısında qalmayasan. Təbii haldır...
İnsan ümid etmək istəyir ki, görmədən hərəkət etmək mümkün olsun. Amma təəssüf ki, bu mümkün deyil. Ən azından az görməklə mümkün olsaydı dərdimiz də azalardı...
0 comments