Bu indi inşaat "cənnəti" olan Bakının bəlkə də əsas problemlərindən biridir. Mən də istədim bu Bakımızın kiçik bir parçası olaraq bu problemdən danışım. Əslində problemdən danışmaq hamımızın canında var. Amma əslində irəli gedənlər sadəcə problemi göstərənlər deyil, eyni zamanda problemin həlli yollarını da göstərənlərdir. Mənim də işim deyəsən sadəcə birinci hissədən ibarətdir. Elə buna görə də irəli getmirəm... Sözün düzü, problemin həllini də düşünüb söyləmək olar. Amma türkün sözü "kim takar seni?"...

Binalar nə qədər keyfiyyətli tikilir, istifadə olunan materiallar nə qədər keyfiyyətlidir, orada çalışan ustalar, mühəndislər, fəhlələr və digərləri nə qədər məsuliyyətli və bilgilidir bunlar hamısı sual altındadır. Məsuliyyətli sonra bilgili dedim, çünki məsuliyyət bəzən bilgidən daha önəmli olmağa başlayır. Bu da o bəzənlərdən biridir. Bu bina nə üçün tikilir? Bizim bildiyimiz: insanlar yaşasın deyə, onların bildiyi: ciblər dolsun deyə. Buradan da görüldüyü kimi əsas problem elə məsuliyyət duyğusunun olmamasıdır. Adamın biri qalxıb yerindən ehtirasa gəlir və bina tikməyə başlayır, heç düşünmür ki, sabah burda 100-lərlə insan yaşayacaq, bu insanların aqibəti nə olacaq görəsən?

Aşıb-yıxılan binalar oldu Bakıda... Görəsən bundan sonra bir tədbir alındımı? Dövlətin tədbir aldığına əminəm, çünki kişilər gedib orda sözlərini dedilər, lazımi adamları cəzalandırdılar. Sonra? Bununla iş bitir? Yox... Çünki əsas olan sistem deyil, sistemi tətbiq edən insanın özüdür. Dövlət səhərdən axşama kimi rüşvət cinayətdir desin, əgər bizim insanımız rüşvət almaqdan və verməkdən məmnundursa dövlət nə etsin axı buna? Heç nə...

Sözün düzü, dərd bir başa mənim dərdim olduğuna görə bəlkə bu mövzu mənə yaxın oldu. Planımızda ev almaq var təbii ki, Allah qismət edərsə. Tutaq ki, indi mənim əlimdə kifayət qədər pulum var. Hansı binadan, hansı kriteriyaya görə ev alacam mən? Hamı bilir ki, bu binaları tikənlər özləri qalsınlar deyə tikmirlər. Əgər məşhur sok şirkətlərindən birinin sahibi illərdir bu soku dünyada istehsal edir və satır, ailəsi isə bu günə qədər həmin sokdan içməyibsə mən necə o sokdan içim. Əgər mən bunu bilə bilə həmin sokdan içsəm, siz ağıllı və savadlı insanlar kimi mənim ağlımdan şübhəyə düşməzsiniz?

Dərd böyük dərddir... Dərd həm mənim dərdimdi, həm bu xalqın, həm bunu tikdirənlərin, həm bunu alanların, həm də kənardan baxıb səsini çıxarmayanların. Dərdin çarəsi isə bir dənədi: MƏSULİYYƏT. Nə vaxt ki, bizim bu xidmət göstərənlərin canında məsuliyyət yarandı, o zaman bizim bazarda xidmətdən də danışmaq olar. Oxuduğunuz üçün təşəkkürlər.

2 comments

  1. Sözün düzü ve ya əyrisi, bu məmləkətdə hər şey əyri durur.
    Evlər də əyri durur, adamlar da...Dik duran, düz duran bircə insanların əlini bulaya bilmədiyi şeylərdir...

    Düz yazmısan ki, evi soku içməyən kopolu onu millətə içirir. Evi də tikən kopolu heç o evin içində yaşamır, bələddir axı öz malına...

    Düzələr inşallah desək də, inanmıram mən düzəlməyinə..

     
  2. Mən də inanmıram... amma ümid ən son ölən şeydir!!! ümid etmək lazım... bu da bir növ dua hökmünə bəlkə yüksələr, heç nə düzəlməsə də bizim o tərəfdəki yolumuz düzələr :)
    Yazdığınız və oxuduğunuz üçün təşəkkürlər...

     

İzləyənlər

Video Post