Evvela onu deyim ki, hazırda oturduğum kompyuterde Azerbaycan şriftleri olmadığına göre bezi Azerbaycan herflerini istifade ede bilmirem. Daha deqiqi "Azerbaycan" sözündeki üçüncü herfi sehv yazıram.
Evde gedib yaza bilerdim, amma üreyim indi istedi. Selim Tuncerin bloguna qoyduğu yazı dünen çox xoşuma gelmişdi. Üreyimden keçeni ela bir şekilde ifade etmişdi.
Amerikan prezident seçimlerinin neticeleri çoxumuz üçün maraqlı idi. Siyasetden başı çıxan, çıxmayan hamı maraqlanırdı. Çoxumuz da sırf Ermeniperest olmadığı üçün McCain-i destekleyirdik. Ancaq, sırf şexsiyyeti, xitab qabiliyyeti ve heç özümüz de bilmediyimiz bir sebebe göre Obamaya da yaxın baxırdıq. Hetta belke de, "Kaş bu Ermeniperest olmayaydı" fikrine benzer düşünceleri de yaşamışdıq.
Bir "qara oğlan" uzun süren mübarizeden sonra prezident olacaq ve biz Amerikada artıq irqçilik, qara derili insanları aşağı tebeqe kimi görme kimi şeylerin olmadığına inanacağıq. Selim bey ela ifade edib bunu, bir yalan var ve biz bu yalana özümüzü inandırırıq.
Men siyasetçi deyilem, siyasi elmler oxumamışam, siyasetle de 3 il olar ki, ancaq işime geldiyi qeder maraqlanıram, yeni ki, çox az. Bu yazı da, siyasi fikir beyanı deyil, ele ağlımdan keçenlerdir.
Sözün düzü ve ya eyrisi: OBAMA-dan mene ne? Mene heçne...Size ne? Siz bilersiniz...
Bu yazını yazmağa necə qərara gəldim? Prezident seçkilərimizdə iştirak edəcək namizədlərin sayından sonra. Amerika, Rusiya, Türkiyə kimi iri həcmli və çox insanlı ölkələrdə, ölkəni idarə etmək üçün namizəd duranların sayına baxdım, sonra bizim kimi sahəcə kiçik olan, insanı az olan Azərbaycanımızın namizədlərinin sayına baxdım... Sözün düzü, öncə yazmaq istəmədim. Dedim, birdən hamı elə bilər ki, siyasətə girmişik. Amma məqsədim sadəcə bizim xalqımızın idarə etmə xəstəliyindən danışmaqdır.
“Xərçəng xəstəliyi görmüşük, vərəm xəstəliyi görmüşük, qrip də görmüşük, əşşi lap ulduz xəstəliyi də görmüşük, bu liderlik xəstəliyi də təzəmi çıxdı?” – deyə sual verə bilərsiniz. Sözün düzü, bu xəstəlik, elə insanın yaradılışından içində var. Amma düşünürəm ki, müasir zamanda bizim millətdə bu yoluxucu xəstəlik halına gəlib. Kiçik bir müəssisədən tut, böyük şirkətə qədər, dövlətdə söz deyən partiyadan tut, ta prezidentliyə qədər hər yerdə insanlar lider olmaq, söz deyən olmaq, qərar verən olmaq istəyirlər. Axı hər kəs son sözü desə, sözün düzünü hardan biləcəyik?
İnsanlar iki cürdür: idarə edən, idarə olunan! Hər kəs idarə olunanı yaxşı, dadlı, cazib görüb, ondan olmaq istəyir. Amma hər idarə olunan uğur qazana bilmədiyi kimi, hər idarə edən də uğur qazana bilməz. Hər idarə olunan öz başına uğur qazanmadığı kimi, hər idarə edən də idarəsində olan insanlar olmadan bir məna ifadə etməz! İdarə olunmağın özünəməxsus cavabdehlikləri, məsuliyyətləri olduğu kimi, idarə etməyin də o qədər insanın haqqını qorumaq, ədalətli olmaq, nəticələrə görə cavab vermək kimi böyük cavabdehliyi var. Bunların hamısını nəzərə alaraq bir düşünək, həqiqətən hər zaman idarə etmək yaxşı mövqedirmi?
Mənim fikrimcə insanın tutduğu mövqe nə olur olsun, həmin nöqtədə öz vəzifələrini bilib, fərqində olub, dəqiq bir şəkildə yerinə yetirməklə, məsuliyyətinin fərqində olmaqla hər zaman uğur qazana bilər. Prezidentin edə bilmədiyi bir şeyi bəzən bir idmançı edə bilər. Bütün dünya xalqlarının gözü qarşısında bayrağımızı qaldıra bilər. Odur ki, millətə, xalqa, vətənə xidmət etmək üçün prezident olmaq şərt deyil. Hər kəs öz sənətində sözünü deməyə çalışsa, sözün düzü gerçəkləşmiş olar.
Təhsilimiz niyə bu haldadır? Cavabların əksəriyyəti belə olacaq: “yetəri qədər büdcə ayrılmır”, “müəllimlərin maaşı azdır” və s. Mən bununla razı deyiləm. Problem: “eqoizm”. Müəllim dərsini deməkdən, şagirdlərə faydalı ola bilməkdən daha çox cibini (özünü) düşünür. Əlbəttə burda mən ümumiləşdirib bütün müəllimləri bu qara siyahıya daxil etmirəm. Amma sözün düzü odur ki, əksəriyyət belədir. O gün gənc bir müəllimlə danışıram. Deyir ki, təyinim çıxmışdı Qubanın hansısa bir kəndinə, orta məktəbə. Maaşı az idi, nə bilim suyu yox idi... Bunların hamısı müəllimlərin, bir müəllim kimi fədakar ruhda yetişmədiyini, eqo üzərinə yetişdiyini göstərir. Müəllim niyə ilk olaraq maaşı düşünsün ki? Deyəcəksiniz ki, bu maaş axı insanın yaşamasının və ehtiyaclarını qarşılamasının əsas mənbəyidir. Qardaşlar və bacılar, mən dünən rayon yerində bir ailə başçısının aylıq 80 manat maaşla mühafizəçi işlədiyini gördüm. Əgər bu insanlar ölmürsə bizə də zaval yoxdur. Vicdanla düşünək...
Tibbimiz niyə bu haldadır? Yəqin yenə cavab maddiyatla bağlı olacaq. Sözün düzü, cavab yenə də “eqoizm”. Həkimlər ciblərini və özlərini düşündüyü üçün. Xəstələrin halı necə olur olsun, “ölən ölsün mənə nə, mən puluma baxaram” dedikləri üçün... Mirzə Ələkbər Sabir çox gözəl deyib bu insanların xəstəliyi ta o zamandan. Bizim millətə hansı zəhərli maddələr nüfuz etdirilbsə, ta o zamandan bu xəstəlik var. Problem dövlət də deyil. Misal üçün, rayonlarda Qəbələdə, Zaqatalada, Balakəndə super tibb mərkəzləri, diaqnostika mərkəzləri inşa edilib. Bunların hamısını dövlət edib. Yaxşı bəs həkimlər ora gəldikdən sonra xəstələrəmi xidmət edəcək, insanlaramı xidmət edəcək yoxsa özlərinə, ciblərinəmi? Yəqin cavabı zaman göstərər.
Yollarda bəzən elə yerlərdə tıxaclar görürsən ki, “görəsən burda tıxaca səbəb olan nədir?” deyə düşünməmək əldə deyil. Və cavabı tapa bilmirsən. Amma cavab çox bəsitdir, “eqoizm”. İki maşın qarşılaşır, saatlarla bəzən bir-birinə siqnal səsini dinlətərək gözləyirlər. Halbuki, biri o birinə bir balaca fədakarlıq etsə, eqonu bir müddətlik kənara qoysalar tıxac olmayacaq, arxada da bu qədər insan gözləməyəcək.
İş yerindən də bir misal verim, bitirim ki, başınızın ağrısı bitsin. Məsələn bizim ofisdə bir nəfər var, həmişə özünə nə isə zərər gəlsə, nə isə onun şəxsi maraqlarına zidd bir vəziyyət olsa, coşur, aşır, daşır özünün vəziyyətini şirkətin ümumi bir halı imiş kimi göstərib “bu böyük problemdir, həll olunmalıdır” deyir. Öz-özümə düşündüm, “görəsən bu adama 1000-2000 manat artıq maaş verilsəydi bu adam yenə də danışardımı?” deyə. Və əlimi vicdanıma qoyub düşünürəm ki, xeyr. Çünki heç bir zaman həmin adam Əfsunun bu problemi var, bunu həll etmək lazım, çünki bu bizim adamdır, bizim işçidir, demədi. Mənim bir şikayətim də yoxdur, həmd olsun. Dünən 80 manatla işləyən dayını görəndə özümə gəldim bir az.
Sözün düzü, eqoizm bəzən xeyrli də ola bilir. Hər zaman mənfi təsirləri yoxdur. Amma insan sosial bir varlıq olaraq yaradıldı. Məqsədinə uyğun olaraq da insanlar arasında fədakarlıqla, başqalarının haqqını və hüquqlarını gözləyərək yaşamalıdır. Hər kəsə faydalı eqo və yerində fədakarlıq arzulayıram.
Dünən Kanaltürkdən maraqlı bir filmə baxırdım. Cuba Gooding Jr.ın baş rolu oynadığı filmin qəhrəmanı işsiz qalmış advokat idi. İllərlə "yaxşı" pul qazanan vəkillərə heyranlıqla yaşayan "qaqaş"ın əlinə bir gün böyük fürsət düşür. "Bir ayağı qəbirdə olan" dedektif yazıçısı son əl işini oxumaq və rəy bildirmək üşün ona gətirir. Ertəsi isə vəfatı xəbəri gəlir. Əlinə döndüyüm ağsaqqalın əsərini dövlətə təslim etmək əvəzinə adına çıxır və "kalan" pul qazanır. Artıq o Amerikanın ən dəyərli dedektif əsər yazarıdır.
Nəysə ki, zamanla hər şeyin göründüyü kimi olmadığını, əslində böyük bir quramada "qurbanlıq keçi" olduğunu anlayır. Polis 5 qətlin təfərrüatının birəbir onun kitabında nə axtardığını araşdırmağa başlayır və qaqaş "xüsusi təhlükəli qatil" statusuna "yüksəlir"...
Bu filmi seyr edərkən yadıma bir zamanlar oxuduğum hekayəcik düşdü. Vaxtilə onu bloqa yazmağa söz vermişdim. Olmasın marketoblog, olsun Sözün düzü...
Bir gün sürüdən ayrılan köhlən bir at, oğluyla tək başına yaşayan və həyatını qazanma dərdində olan kişinin həyətinə gəlir. Qonşular kişini bəxəvərçilikdə "ittiham edərək" deyirlər ki, bəs başına dövlət quşu qonub. Göydən düşmə bu atı istədiyin kimiistifadə edəcək. Kişi deyir ki, bəs "hər şey göründüyü kimi deyil". Bir səbr edin. Sizin 1 hesabınız varsa, Allahın da öz hesabı var". Onlar da deyir yəqin kişi söhbəti fırladır. Nəysə ki, bir gün kişinin biricik oğlu attan yıxılır və ayağını sındırır. Beləcə oğlu iş qabiliyətini, kişi isə yeganə dayağını itirir. Qonşular qocaya üzrxahlıq eləməyə gələndə, aldıqları cavabla şok olurlar: "zahirdə şər görünən bu işdə də xeyir ola bilər". Deyirlər a kişi "başına at təpib nədir". Evi tərk edirlər və öz aralarından da mızıldanırlar ki bəs "bir oğlunun ayağı qırılıb deyir bunda xeyir var".
Bir müddət sonra müharibə elan edilir və kənddəki bütün əli silah tutan kişilər səfərbərliyə cəlb edilir. Həə, onda məlum olur ki oğlunun ayağının qırılması onu müharibədən saxlayır. Yenə gəlirlər üzrxahlığa və "sən deyən oldu"ya. Kişi "yenə tələsirsiz" deyir...
Görəsən hala tələsirik. Zahirdə şər görünən bir çox şeydə xeyir ola biləcəyini niyə unuduruq... ya da bilmirik. Bu məsələ bir tanışımla aramdakı söhbətlərdə mövzu olmuşdu. Necə deyərlər "Mevla görelim neyler, neylerse güzel eyler"...
Sözün düzü, mən nə klounlardan yazmağı fikirləşirəm, nə də aktyorlardan. Əsl məqsədim bizim cəmiyyətdən yazmaqdır. Bizim cəmiyyətimiz də elə böyük "kloun" topluluğuna oxşayır. Hər kəsin üzü gülür, amma içəridə hansı dərdlər, hansı kinlər, hansı qəmlər, hansı göz yaşları yatır kim bilir... Sözün düzü, elə özümü də aid edirəm bu klounlar siyahısına. Mən də klounluq edirəm bəlkə bəzən. Çünki məcbur qalırsan buna. Qarşındakı insana dərdlərini əks etdirib onları da üzmək, dərdləndirmək istəmədiyin üçün bəlkə də... Yaxud da, qarşındakına yaxşı görünmək üçün, xoşuna gəlmək üçün gülürsən. Kim bilir daha nələr üçün gülürük, əslində isə güləcək heç nə yoxdu.
Marşrutda gedərkən insanların üzünə baxmaq kifayətdir. Metroları demirməm hələ. İnsanlar sanki böyük bir vedrə dərd içiblər. Hələ də onun qarın ağrısını yaşayırlar. İki dost görürsən metroda bir-birilə söhbətləşən. İkisi də bir-birinə gülümsəyir. Amma necə dərdləri var kim bilir... O dərdləri içində dəfn edib, dostuna gülmək çox ağır olmalıdır hər halda.
Bütün bu insanların dərdi nədir görəsən? Dünya, mal, mülk, pul, ev, maşın, ailə... Bunların hamısı subyektiv fikirlərə görə dərd hesab olunur. Amma düşünürəm ki, bu klounadanı yekunlaşdırmaq lazımdır. Hər kəs üzündəki rəngləri, işarələri silib içini zahirə verib insanların gözünün içinə sərbəst, azad bir şəkildə baxsa daha yaxşı olmazmı? Məncə "olduğu kimi görünmək, göründüyü kimi də olmaq" lazımdır. Yoxsa hər şey paxla bitkisinin gövdəsi kimi bir-birinə dolaşıb qalacaq.
Azərbaycandan kənarda yaşamaq çətindir. Qürbət, həsrət, darıxmaqlıqlar vs. bir yana. Ən çətini ilin uzun bir dönəmini Azərbaycandan kənarda keçirdikdən sonra geri qayıtmaq və adaptə olmaqdır. 10 ay boyunca söhbət etdiyim bütün dostlarımın “geri qayıtma” çağırışlarının səbəbini təbii ki, “dünyadan anlayışı olan” bir azərbaycanlı kimi bilirdim. Həmişəki söhbətlər... Amma yaşla əlaqədardır mı nədir bilmirəm hər il Azərbaycanın problemləri mənə daha çox agah olur. Bu iki ayda məni ən çox üzən nə toz torpaq, nə YPXların “ərəbzəngiliyi”, nə “işləməyin çətin olması”, nə rüşvət, nə hörmət oldu. Ən çox millətimizin (xalqımızın) getdikcə cılızlaşmasına üzüldüm.
Tarixən Azərbaycan kişisi və Azərbaycan qadının şəxsiyət, mənlik və xüsusiyətləri olub. Eləcə də ümumi götürəndə Azərbaycan xalqının. Azərbaycan kişisi “mərd”, Azərbaycan qadını isə “ismətli” olaraq xarakterizə edilib. Xalq olaraq isə “qonaqpərvər” və “anlayışlı” sayılmışıq. Hazırda heç birindən əsər qalmayıb desəm yeridir. Artıq yerdə qalanlar da istisnadır. Ortalama bir azərbaycanlı gənci cinsi orqanı mərkəzli bir psixologiya ilə yetişir. Qızlar isə onlara 10 dəqiqə xoş söz deyən yoldan keçən oğlanı çox yaxına buraxacaq səviyədə toxunulmazlığını itirib. Halbuki Azərbaycan qızına toxunmaq (sadəcə toxunmaq) oğlan üçün mükafat olmalıydı.
İnsan küçələrdə veyillənən Əhməd YK`lar, Güləndam Özen`ler, Sabit Ortaç`ları görəndə dilxor olmaya bilmir. Dindirsən bu dünyadan 2 dəyərli insan varsa biri özüdü biri də Ya İsmayıl YK, ya da Gökhan Təpə. Halbuki o kumirini bütün nəsil nəcabətindən daha dəyərli görəcək qədər şəxsiyətini itirib.
Dərd çoxdu. Bəzilərinə zarafat kimi gələ bilər amma Bakı şəhərində ailə ilə gəzəcək bir küçə belə tapmaq çətindir artıq.
Adam Bakıda gəzəndə başa düşür ki, bu lazımından çox demokrat və mülayim Respublikanın vətəndaşıdır. Dillənən yuxarıdan, aşağıdan, soldan, sağdan şikayətlənir. Ya “əzilir”, ya “işləməyinə imkan verilmir”, ya “onu başa düşmürlər”. Məsələn, tıxacdan şikayət edir, halbuki 4 cərgəli yolda qarşı tərəfdən gələnlərdən 2 cığır “oğurlayıb” 2 cərgə düzəldən də özüdür. İnsanlar maşınında oturub svetoforda sıranın onlara gəlməsini gözləyərkən “tələsdiyindən” onları ötüb keçir və “cəld tərpənir”. Bakı dünyanın ən böyük zibilxanasıdır. Olacaq da. Bir də görürsən sahil yolu ilə gedirsən – şəhərin ən mərkəzi yeri – Audi A6yla önündə gedən bir “hörmətli day day” əlini çıxardı pəncərədən çölə və “Parlament” qutusunu əzib atdı düz yolun ortasına. Şəhərə bəzək olsun deyə etməyib hərhalda. Sadəcə o insançün maşının salonundan kənarı əhəmiyət daşımıyan bir yerdir. Maşınına isə tozlu ayaqqabıyla oturmaq olmaz yəqin ki. Götürüm elə öz maşınımı. Gün boyu tullantılar ön sağ oturacağın qabağında ayaqaltına yığıram. Maşına oturan ilk şəxs isə onu atır küçənin ortasına. Soruşursan da deyirlər “bu zibilxanaya bax. Adam iyrənir lap”. Elə bil ermənilər vertolyotla töküb.
Bəzən yolda gedəndə “burda tıxac olmamalıdı axı” dediyim yerlər olur. Onda başa düşürəm ki, qabaqda qəza olub və bizim “ATV maqazin xalqımız” yoldan keçərsən bir əyləyib onu seyr etmək istəyinə düşüb. Ona görə də heç bir mahnısı xatırlanmayan Məstixumar Şuşalı, Tükəzban Kürdəxanı Q7`də, GL`də “fırlanır”, TVdən düşmürlər.
Axır vaxtlar isə diqqətimi bir məqam yaman çəkib. Mediamızın “qoyunlaşdırma” işi ilə əməllicə məşğul olduğunu görmək çətin deyil. Son həmlə isə canalıcıdır. Artıq “ulduz olsalar da, xoşbəxt deyillər” deyilən müğənnilər bir bir “xoşbəxt ailə həyatı”na qədəm qoyur. Biri doğur, biri evlənir, o birisi sevgilisi ilə xoşbəxt pozalar verir. Onlara heyran heyran baxan gənclər isə bu tablonu görüb ulduzların yerində olmaq xəyalı qurur.
P.S. vəziyət pisdi. Amma deyirlər hər şey yaxşı olacaq.
P.P.S. Bu əslində Sənanın məşhur “Bacı bağışla...” “yazısına qüvvət” yazısı idi. Amma biraz sərhədləri genişləndirdik. Dərdimiz böyükdür. Deməsək içimizdə partlar. Hələ mən toylardan başlamayım. Gənclərin son zamanlarda rəqsə marağı lap dəli edir. Qohum əqraba baxıb “nə qəşəng oynuyur e canı yanmış” desin deyə dəridən qabıqdan çıxırlar. Azərbaycan rəqslərini sevirəm. Artıq oynamaq insanı çiysidir.