Sözün düzü, mən nə klounlardan yazmağı fikirləşirəm, nə də aktyorlardan. Əsl məqsədim bizim cəmiyyətdən yazmaqdır. Bizim cəmiyyətimiz də elə böyük "kloun" topluluğuna oxşayır. Hər kəsin üzü gülür, amma içəridə hansı dərdlər, hansı kinlər, hansı qəmlər, hansı göz yaşları yatır kim bilir... Sözün düzü, elə özümü də aid edirəm bu klounlar siyahısına. Mən də klounluq edirəm bəlkə bəzən. Çünki məcbur qalırsan buna. Qarşındakı insana dərdlərini əks etdirib onları da üzmək, dərdləndirmək istəmədiyin üçün bəlkə də... Yaxud da, qarşındakına yaxşı görünmək üçün, xoşuna gəlmək üçün gülürsən. Kim bilir daha nələr üçün gülürük, əslində isə güləcək heç nə yoxdu.
Marşrutda gedərkən insanların üzünə baxmaq kifayətdir. Metroları demirməm hələ. İnsanlar sanki böyük bir vedrə dərd içiblər. Hələ də onun qarın ağrısını yaşayırlar. İki dost görürsən metroda bir-birilə söhbətləşən. İkisi də bir-birinə gülümsəyir. Amma necə dərdləri var kim bilir... O dərdləri içində dəfn edib, dostuna gülmək çox ağır olmalıdır hər halda.
Bütün bu insanların dərdi nədir görəsən? Dünya, mal, mülk, pul, ev, maşın, ailə... Bunların hamısı subyektiv fikirlərə görə dərd hesab olunur. Amma düşünürəm ki, bu klounadanı yekunlaşdırmaq lazımdır. Hər kəs üzündəki rəngləri, işarələri silib içini zahirə verib insanların gözünün içinə sərbəst, azad bir şəkildə baxsa daha yaxşı olmazmı? Məncə "olduğu kimi görünmək, göründüyü kimi də olmaq" lazımdır. Yoxsa hər şey paxla bitkisinin gövdəsi kimi bir-birinə dolaşıb qalacaq.
Azərbaycandan kənarda yaşamaq çətindir. Qürbət, həsrət, darıxmaqlıqlar vs. bir yana. Ən çətini ilin uzun bir dönəmini Azərbaycandan kənarda keçirdikdən sonra geri qayıtmaq və adaptə olmaqdır. 10 ay boyunca söhbət etdiyim bütün dostlarımın “geri qayıtma” çağırışlarının səbəbini təbii ki, “dünyadan anlayışı olan” bir azərbaycanlı kimi bilirdim. Həmişəki söhbətlər... Amma yaşla əlaqədardır mı nədir bilmirəm hər il Azərbaycanın problemləri mənə daha çox agah olur. Bu iki ayda məni ən çox üzən nə toz torpaq, nə YPXların “ərəbzəngiliyi”, nə “işləməyin çətin olması”, nə rüşvət, nə hörmət oldu. Ən çox millətimizin (xalqımızın) getdikcə cılızlaşmasına üzüldüm.
Tarixən Azərbaycan kişisi və Azərbaycan qadının şəxsiyət, mənlik və xüsusiyətləri olub. Eləcə də ümumi götürəndə Azərbaycan xalqının. Azərbaycan kişisi “mərd”, Azərbaycan qadını isə “ismətli” olaraq xarakterizə edilib. Xalq olaraq isə “qonaqpərvər” və “anlayışlı” sayılmışıq. Hazırda heç birindən əsər qalmayıb desəm yeridir. Artıq yerdə qalanlar da istisnadır. Ortalama bir azərbaycanlı gənci cinsi orqanı mərkəzli bir psixologiya ilə yetişir. Qızlar isə onlara 10 dəqiqə xoş söz deyən yoldan keçən oğlanı çox yaxına buraxacaq səviyədə toxunulmazlığını itirib. Halbuki Azərbaycan qızına toxunmaq (sadəcə toxunmaq) oğlan üçün mükafat olmalıydı.
İnsan küçələrdə veyillənən Əhməd YK`lar, Güləndam Özen`ler, Sabit Ortaç`ları görəndə dilxor olmaya bilmir. Dindirsən bu dünyadan 2 dəyərli insan varsa biri özüdü biri də Ya İsmayıl YK, ya da Gökhan Təpə. Halbuki o kumirini bütün nəsil nəcabətindən daha dəyərli görəcək qədər şəxsiyətini itirib.
Dərd çoxdu. Bəzilərinə zarafat kimi gələ bilər amma Bakı şəhərində ailə ilə gəzəcək bir küçə belə tapmaq çətindir artıq.
Adam Bakıda gəzəndə başa düşür ki, bu lazımından çox demokrat və mülayim Respublikanın vətəndaşıdır. Dillənən yuxarıdan, aşağıdan, soldan, sağdan şikayətlənir. Ya “əzilir”, ya “işləməyinə imkan verilmir”, ya “onu başa düşmürlər”. Məsələn, tıxacdan şikayət edir, halbuki 4 cərgəli yolda qarşı tərəfdən gələnlərdən 2 cığır “oğurlayıb” 2 cərgə düzəldən də özüdür. İnsanlar maşınında oturub svetoforda sıranın onlara gəlməsini gözləyərkən “tələsdiyindən” onları ötüb keçir və “cəld tərpənir”. Bakı dünyanın ən böyük zibilxanasıdır. Olacaq da. Bir də görürsən sahil yolu ilə gedirsən – şəhərin ən mərkəzi yeri – Audi A6yla önündə gedən bir “hörmətli day day” əlini çıxardı pəncərədən çölə və “Parlament” qutusunu əzib atdı düz yolun ortasına. Şəhərə bəzək olsun deyə etməyib hərhalda. Sadəcə o insançün maşının salonundan kənarı əhəmiyət daşımıyan bir yerdir. Maşınına isə tozlu ayaqqabıyla oturmaq olmaz yəqin ki. Götürüm elə öz maşınımı. Gün boyu tullantılar ön sağ oturacağın qabağında ayaqaltına yığıram. Maşına oturan ilk şəxs isə onu atır küçənin ortasına. Soruşursan da deyirlər “bu zibilxanaya bax. Adam iyrənir lap”. Elə bil ermənilər vertolyotla töküb.
Bəzən yolda gedəndə “burda tıxac olmamalıdı axı” dediyim yerlər olur. Onda başa düşürəm ki, qabaqda qəza olub və bizim “ATV maqazin xalqımız” yoldan keçərsən bir əyləyib onu seyr etmək istəyinə düşüb. Ona görə də heç bir mahnısı xatırlanmayan Məstixumar Şuşalı, Tükəzban Kürdəxanı Q7`də, GL`də “fırlanır”, TVdən düşmürlər.
Axır vaxtlar isə diqqətimi bir məqam yaman çəkib. Mediamızın “qoyunlaşdırma” işi ilə əməllicə məşğul olduğunu görmək çətin deyil. Son həmlə isə canalıcıdır. Artıq “ulduz olsalar da, xoşbəxt deyillər” deyilən müğənnilər bir bir “xoşbəxt ailə həyatı”na qədəm qoyur. Biri doğur, biri evlənir, o birisi sevgilisi ilə xoşbəxt pozalar verir. Onlara heyran heyran baxan gənclər isə bu tablonu görüb ulduzların yerində olmaq xəyalı qurur.
P.S. vəziyət pisdi. Amma deyirlər hər şey yaxşı olacaq.
P.P.S. Bu əslində Sənanın məşhur “Bacı bağışla...” “yazısına qüvvət” yazısı idi. Amma biraz sərhədləri genişləndirdik. Dərdimiz böyükdür. Deməsək içimizdə partlar. Hələ mən toylardan başlamayım. Gənclərin son zamanlarda rəqsə marağı lap dəli edir. Qohum əqraba baxıb “nə qəşəng oynuyur e canı yanmış” desin deyə dəridən qabıqdan çıxırlar. Azərbaycan rəqslərini sevirəm. Artıq oynamaq insanı çiysidir.
Hərənin öz ölkəsi ilə fəxr etməsi şərtdir, fəxr ediləcək ünsür tapmayanda ya özün icad etməlisən, ya da başqalarının tapdıqlarını özünə adaptə etməlisən. Axtaran tapar prinsipi ilə baxdığımda mən də bir amili, özü də çox mühüm amili icad etdim. Azərbaycanda yazar olmaq çox rahatdır. Fəxr etməyə dəyər, düz deyilmi? Gün ərzində o qədər hirslənəcəyimiz, acığımız tutacaq məsələlərlə rastlaşırıq ki, yazmaq çıxış yolu olur, əlimizdən hech nə gəlmədiyini ört-basdır etmək üçün qaçış nöqtəmiz. Mən də zaman-zaman bu yola üz tuturam. Çoxdandır ara versəm də, deyəsən vaxt yetişib, bir sözlə yenə də “yazmasan ölləm” seriyasından bir hadisəylə qarşılaşmışam.Azərbaycansayağı CRM yazısını yazıb rahatladığım kimi indi də rekrut məsələsinə toxunmaq istəyirəm, hansı daha acınacaqlıdır, özünüz qərar verin. Rəfiqəm bir xeyli vaxtdır iş axtarışındadır, bir axşam sevinclə xəbər verdi ki, Huawey Technologies şirkətindən müsahibəyə dəvət olunub, pozisiyanın marketinq menecer olduğunu biləndə çox sevindim, rəfiqəmin də sevdiyim sənətdə olmasını çox arzulayıram. Gecəni yatmadıq, mən ona dərs keçdim, 4P burdan gəldi, 4C ordan getdi, B2B marketinq B2C –dən nəylə fərqlənir falan filan…
Səhər məlum oldu ki, Huaweyin rekruterlərinə sadəcə loqik məsələlər lazım gəlib, rəfiqəm oturub məsələləri edib, durub çıxıb. Cavab bir həftəyə məlum olacaq deyiblər deyə səbrimizi basdıq gözlədik.. Gözlədik… Gözlədik.. Üç həftə sonra cavab məlum olmadıqda rəfiqəm öz hazırkı iş yoldaşından zəng edib soruşmağı xahiş edib. Zəng edən qız – Anna Pleçistova Huaweyin işçisi ilə danışanda bir səhv edir, testin cavablarını yoxlamaq üçün adı soruşulduqda öz ad familiyasını deyir.. Anna Pleçistova.. Əminəm ki, bu ad familiyada Azərbaycanda bir nəfər olar. Huaweyin əməkdaşı Annaya siz 95 bal yığmısız, bizə 100 bal lazımdır deməyini rəfiqəm mənə çatdıranda şok oldum, qərara gədik ki, rəfiqəm öz ad familiyası ilə də soruşsun. Məlum olur ki, o da lazım baldan cəmi 93-ünü yığıb, yəni imtahanda iştirak etməyən Annadan 2 bal az : )))))
Heç bir komment qoymadan yazmaq istəyirdim bunu, amma bir sualım var, başqalarının zəhmətinə, əziyyətinə bu qədər əhəmiyyət verməyən, ümid nədir anlamayan kəsləri insan adlandırmaq olar?
Binalar nə qədər keyfiyyətli tikilir, istifadə olunan materiallar nə qədər keyfiyyətlidir, orada çalışan ustalar, mühəndislər, fəhlələr və digərləri nə qədər məsuliyyətli və bilgilidir bunlar hamısı sual altındadır. Məsuliyyətli sonra bilgili dedim, çünki məsuliyyət bəzən bilgidən daha önəmli olmağa başlayır. Bu da o bəzənlərdən biridir. Bu bina nə üçün tikilir? Bizim bildiyimiz: insanlar yaşasın deyə, onların bildiyi: ciblər dolsun deyə. Buradan da görüldüyü kimi əsas problem elə məsuliyyət duyğusunun olmamasıdır. Adamın biri qalxıb yerindən ehtirasa gəlir və bina tikməyə başlayır, heç düşünmür ki, sabah burda 100-lərlə insan yaşayacaq, bu insanların aqibəti nə olacaq görəsən?
Aşıb-yıxılan binalar oldu Bakıda... Görəsən bundan sonra bir tədbir alındımı? Dövlətin tədbir aldığına əminəm, çünki kişilər gedib orda sözlərini dedilər, lazımi adamları cəzalandırdılar. Sonra? Bununla iş bitir? Yox... Çünki əsas olan sistem deyil, sistemi tətbiq edən insanın özüdür. Dövlət səhərdən axşama kimi rüşvət cinayətdir desin, əgər bizim insanımız rüşvət almaqdan və verməkdən məmnundursa dövlət nə etsin axı buna? Heç nə...
Sözün düzü, dərd bir başa mənim dərdim olduğuna görə bəlkə bu mövzu mənə yaxın oldu. Planımızda ev almaq var təbii ki, Allah qismət edərsə. Tutaq ki, indi mənim əlimdə kifayət qədər pulum var. Hansı binadan, hansı kriteriyaya görə ev alacam mən? Hamı bilir ki, bu binaları tikənlər özləri qalsınlar deyə tikmirlər. Əgər məşhur sok şirkətlərindən birinin sahibi illərdir bu soku dünyada istehsal edir və satır, ailəsi isə bu günə qədər həmin sokdan içməyibsə mən necə o sokdan içim. Əgər mən bunu bilə bilə həmin sokdan içsəm, siz ağıllı və savadlı insanlar kimi mənim ağlımdan şübhəyə düşməzsiniz?
Dərd böyük dərddir... Dərd həm mənim dərdimdi, həm bu xalqın, həm bunu tikdirənlərin, həm bunu alanların, həm də kənardan baxıb səsini çıxarmayanların. Dərdin çarəsi isə bir dənədi: MƏSULİYYƏT. Nə vaxt ki, bizim bu xidmət göstərənlərin canında məsuliyyət yarandı, o zaman bizim bazarda xidmətdən də danışmaq olar. Oxuduğunuz üçün təşəkkürlər.
Salamlar əziz dostlar. Əfsun qardaşıma məni bu blogun yazarları arasına daxil etdiyi üçün təşəkkür edirəm. Sözün düzü yazmağı və marketinqi xoşlayıram. Marketinqdən yazmaqdan ötrü isə lap "ürəyim gedir". Amma 1 aydı yazmırdım bloga və elə bil heç nə də olmamışdı(!!!) Nəysə ki, axırı fürsət tapdım və səssizliyi də yeni blogum(uz)da pozmağa qərar verdim.
Sözün düzü adam Azərbaycanda marketinqdən yazmaq istəmir. Əvvəla marketinq yazıq bizdə nə yatıb ki, nə də yuxu görsün+dərdimiz sərimiz o qədər çoxdu ki, marketinq qalır axırıncı planda vəya maksimum ondan 1-2 bənd yuxarı qalxa bilir.
İstanbuldan oturub "vətən sevdalısı" kimi şərqilər oxumaq rahatdı bilirəm. Dostların həvəs və həyəcanla Bakıya gəlib 1-2 aya "başını götürüb qaçma" planları qurmasına alışmışam. Elə 1 ay keçməmiş mən də mühitdən iyrənib həmin həvəslərə qapılmışam. Amma qaçacaq yerimiz yoxdur. Burada yaşayacağıq və yaşamalıyıq.
Sözün düzü bu qədər bədbin olmaq da düz deyil. Bəzən "ən yaşanılacaq yer" dediyim də olub Bakıya. Amma cibində pulun olsun da gərək. Nəysə ki, buradayıq. Yenidən çıxıb gedəsiyik. Amma qayıtmaq üçün. Qayıdandan sonra da yeni eyni fikirlər və eyni mülahizələr.
P.S. Deyirəm yolda gedəndə ağlıma yalan olmasın 10-15 mövzu gəlir. Amma bu bilgisayarın önünə oturanda heç bir yaxın da durmur ki, sizinlə bölüşüm. Gələn dəfə elə bir şey olsa ayağından tutub yaxına bir yerə bağlayacam ki, hafizəmdən uçub getməsin. Hələlik, siftə naminə bunu qəbul edin.
Hörmətlər, Vüsal A.Q.
Sözün düzünü hansı dildə yazmaq lazımdır deyə düşünməyə başladığım zaman bu məqaləni yazmağa qərar verdim. Bizim millətin öz dilinə bu qədər zülm etməsi məni düşündürdü, düşündüklərimi Məzahir bəyin ən son yazdığından sonra xeyli tərəddüd etdikdən sonra yazmaq qərarına gəldim. Görürəm ki, dilin dili olsaydı qışqırardı ki, "bəsdi ay millət! Niyə mənə bu qədər zülm edirsiniz?" Amma dilin dili olmadığı üçün onun yerinə mən danışmaq qərarına gəldim. Barmaqları işə saldım...
Sözün düzü, bu dil probleminin harasından başlayım bilmirəm. Öz dilini bilməyənlərdənmi, öz dilini bilim öz dilində danışmaqdan utananlardanmı, öz dilindən başqa bütün dillərdə danışmağı özünə şərəf bilən "millətçilər"dənmi, yoxsa lallardanmı? Niyə lallardan? Düşünürəm ki, bəzən lal olmaq daha yaxşıdır, nəinki bu hansı dildə danışdığını heç özü də bilməyənlər kimi olmaq... Konkret bilirsən ki, Allah imtahan olaraq dil qabiliyyətini alıb əlindən və Axirət aləmində inşallah ən gözəl sözləri söyləməyo sənə nəsib edəcək, ömrünün axırına kimi susursan, sadəcə dinləyirsən...
Başqa ölkədən istəyir rus gəlsin, istəyir ingilis, istəyir lap elə türkün özü gəlsin içi mən qarışıq başlayırıq onların dilində danışmağa. Dil bilmək yaxşıdır. Nə qədər çox dil bilsən o qədər xalqına və cibinə fayda verə bilərsən. Amma di gəl ki, əgər öz dilindən utanırsan və başqa dillərdə danışmağı özünə fəxarət hesab edirsən o zaman problemlər başlayır dilə gəlməyə. Problemlər çox maraqlıdı... Başqa dildə danışmır, elə öz dilimizdə danışırlar... Amma başa düşən yoxdu...
Sözün düzü, dünyada ikinci bir ölkə sanmıram ki var, orda iki vətəndaş başqa dildə danışsın. Bizim küçələrimizdə, şirkətlərimizdə, məktəblərimizdə və digər ictimai yerlərdə bir-birilə başqa dildə danışan iki azərbaycanlını görmək heç də çətin deyil. Nə qədər istəsən tapmaq olar... Görəsən nədir bunun səbəbi? Bizim dilimizin kasıblığı, yoxsa xalqımızın öz dəyərlərinə biganəliyi? Sanmıram ki, bu qədər yazar, bu qədər şair, bu qədər şeir sahibi olan dil kasıb olsun. Kasıb olan bizim millətimiz, xalqımızdır... Gərək özümüzə gələk... Öz dilimizə, öz dəyərlərimizə, özümüzə sahib çıxaq... Hardan gəldiyimizə bir nəzər salaq. Əslimizi bilək, adətlərimizi, mədəniyyətimizi danmayaq. Böyük bir alimin də dediyi kimi: "sən nə avropalı kimi avropalısan, nə də müsəlman kimi müsəlman". Heç bir işə yaramayan insan olmaqdansa, bir yolu tutub ordan getmək daha yaxşı olar. İndi analar, atalar öz uşaqlarını rusca tərbiyə etməyə çalışır, rus məktəbinə göndərir, rusca başqa şeylər edir... Görəsən bu işlərin axırı necə olacaq ay Rüstəm müəllim?